Mindycoach

Stress, travma, təşviş və münasibət çətinliklərinin öhdəsindən gəlmək üçün ilk addım: [Ödənişsiz Konsultasiya]

Psixoterapiya nədir?
Bir çox insan psixoloqa gedəndə birbaşa həll yolu eşitməyi gözləyir. Bu təbii istəkdir, hər kəs tez bir zamanda rahatlıq arzu edir. Amma peşəkar psixoterapiya daha dərinə işləyir, sadəcə davranışa deyil, davranışı yaradan köklərə toxunur.

Psixoterapiya psixoloji və emosional narahatlıqların psixoterapevt ilə danışaraq müalicəsini əhatə edən üsulların ümumi adıdır. İlkin məqsədi müraciət edən şəxsi tanımaq və özünə tanıtmaqdır. İnsanlara şəxsi həyatlarında xoşbəxt ola bilmək üçün nələr etməli olduqlarını kəşf etdirir. Dəyişkən hallarla və problemlərlə mübarizə etməyin sağlam yollarını öyrədir.

Terapiyada həyatınız filmlərdəki kimi bir anda dəyişmir, özünüzə vaxt və əmək sərf etdikcə yavaş-yavaş dəyişir. Psixoloq sizə problemlərinizi həll etmək üçün nə edəcəyinizi demir. Düzgün suallar verməklə sizə həll yolları tapmağa şərait yaradır.
 
Bəs psixoterapiya nə deyil?
Psixoterapiya birinin üzərində tətbiq edilən bir proses deyil, iki nəfərin birlikdə hərəkət etdiyi bir prosesdir. Müraciət edən şəxsə intellektual məlumat verilən bir proses deyil. Birlikdə kədərlənilən, tərəf tutulan və pasiyentlə birlikdə üçüncü şəxslərin günahlandırıldığı bir proses deyil. Sadəcə dərdlərin, travmaların danışıldığını bir proses deyil.

Psixoterapiya prossesi çox zaman məsləhət verilən bir yer olaraq düşünülür. Bu psixoterapiya haqqında bilinən yanlışlardan biridir. Psixoterapiya məsləhət verilən bir proses deyil. Ağıl öyrədilən, başqalarının həyatlarına müdaxilə edilən bir proses deyil. Məsləhət almaq insana rahatlıq verə bilər, psixoterapiya isə daha dayanıqlı dəyişiklik yaradır. Əsas fərq budur: Məsləhət davranışı söyləyir, terapiya davranışın arxasındakı səbəbi araşdırır.

Bəs psixoterapiya zamanı nə vaxt konkret məsləhətə bənzər nümunələr verilir?
Psixoloq ümumiyyətlə həyatını necə yaşamalı olduğunuzu demir, amma:
- Kritik vəziyyətində təhlükəsizlik yönümlü konkret addımlar danışılır,
- Psixoedukasiya zamanı məlumat və bacarıqlar verilir (məs., nəfəs texnikası),
- Davranış planı hazırlayanda konkret tapşırıqlar verilə bilər.
Bunlar da psixoterapiyada əsas məqsəd deyil, prosesin bir parçasıdır.

Məsləhət və psixoterapiyanın hər ikisi öz yerində faydalıdır, amma terapiyanın məqsədi insanın özünü anlaması və öz qərarlarını verəcək gücün qazanılmasıdır.
 
Bəs psixoterapiya necə işləyir?
Psixoterapiya zamanı insan yeni bir fərqindəlik qazananda və ya köhnə problemlərə fərqli bucaqdan baxmağı öyrənəndə beynində sinir hüceyrələri (neyronlar) arasında yeni əlaqələr, cığırlar qurulur. Bu proses sinaptogenez adlanır.

Beynimizdə hər bir vərdiş və ya düşüncə tərzi bir neyron cığırıdır.
Məsələn, əgər illərdir "mən yetərsizəm" deyə düşünmüsünüzsə, beyninizdə bu cığır artıq böyük bir magistral yola çevrilir. Terapiyada verilən suallar və fərqli baxış bucaqları yeni bir düşüncə cığırı açmağa səbəb olur. Hər seansda bu yeni cığırla getdikcə, köhnə "mən yetərsizəm" yolu zəifləyir.

Buna Neyroplastiklik deyilir. Neyroplastiklik beynin təcrübə, öyrənmə və ətraf mühitə reaksiya olaraq özünü yenidən formalaşdırma qabiliyyətidir. Uzun illər beynin,sinir hüceyrələrinin uşaqlıqdan sonra dəyişməz qaldığı düşünülürdü, lakin müasir neyroelmdə aparılan tədqiqatlar sübut etdi ki, biz yaşlandıqca belə beyin yeni neyron əlaqələri qura və köhnələrini silə bilər.

Neyroplastiklik bir gecədə baş vermir. Bu dəyişim üçün zaman və təkrar lazımdır. Buna görə də psixoterapiyada davamlılıq şərtdir.

 İnsanın keçmişi, travmaları və ya yaşadıqları onun taleyi deyil. Beynin plastikliyi sayəsində insan hər yaşda özünüzü yenidən formalaşdıra bilər. Bunun ən bariz nümunələrindən biri də psixoterapiyadır.


Klinik psixoloq Firuzə Qənizadə