Psixoterapiyaya nə vaxt müraciət edilməlidir?
Hər bir insan həyatın bəzi məqamlarında itkilər və məyusluqlar yaşaya, münasibət və ya karyera ilə bağlı asan olmayan bir qərarla qarşılaşa bilər. Psixoloji xidmətdən yararlanmaq hətta psixi xəstəliyiniz olmasa və böyük itkilər və ya problemlərlə üzləşməsəniz də faydalı olur.
- Əgər hislərimiz, düşüncələrimiz və daxili dünyamız qarışıqdırsa,
- Səbəbini bilmədiyimiz emosional mənəvi yorğunluq içindəyiksə,
- Gələcəklə bağlı güclü bədbinlik və ümidsizlik hislərimiz varsa,
- Nəzarət edə bilmədiyimiz əsəb və ya həyəcan yaşayırıqsa,
- Özümüzə inamımız aşağıdırsa və özümüzü təkmilləşdirmək istəyiriksə,
- Özümüzü daha yaxşı tanımaq və nəyi daha yaxşı edə biləcəyimizi və edə bilməyəcəyimizi müəyyən etmək istəyiriksə,
- İçimizdə çoxlu duyğu və düşüncələr toplamışıqsa və onlardan xilas olub dincəlmək istəyiriksə,
- Həyat seçimlərimizlə bağlı ( evlilik, boşanma, iş dəyişikliyi, şəhər-ölkə dəyişikliyi, münasibət, sosial əlaqələr və s.) mühüm qərar mərhələsindəyik, lakin nə edəcəyimizi bilmiriksə,
- Dəfələrlə səhv seçimlər etməyə başlamışıqsa,
- Özümüzə zərər verən davranışlarımızın olduğundan xəbərdarıq ancaq onları dayandıra bilmiriksə psixoloqa müraciət etmək olar.
Yəni bir sözlə psixoloqa getmək üçün mütləq hansısa psixi xəstəlikdən əziyyət çəkməli deyilsiniz.
Bununla belə insanları psixoloqa müraciət etməkdən
yayındıran bəzi səbəblər var. Məsələn, psixi xəstəlik adı ilə damğalanmaq və ya
ailənin dostlarının reaksiyalarından qorxmaq. Psixoloqa getməklə zəif, həyatın
eniş-yoxuşlarının öhdəsindən gələ bilməyən insan kimi görünmək qorxusu, ağrılı
duyğularla qarşılaşmaq qorxusu, sizi narahat edən hər şeyə kifayət qədər uzun
müddət məhəl qoymasanız, aradan qalxacağına inanmaq və s. Bu kimi səbələrə görə
insan vaxtında psixoloqa müraciət edə bilmir. Bu isə zaman keçdikcə insanın həyat
keyfiyyətini azaldır.
Bəs psixoterapiyaya nə zaman müraciət edilməməlidir?
Psixoterapiyaya müraciət etmək böyük və cəsarətli bir addımdır. Amma bəzən insanlar terapiyaya elə məqsədlərlə gəlirlər ki, nəticə xəyal qırıqlığı olur. Əgər aşağıdakı səbəblərdən birinə görə terapiyaya müraciət etməyi planlayırsınsa bəlkə də bir daha düşünməlisiniz.
- Qərarı başqasının verməsini istəyəndə; Əgər məqsədiniz “Psixoloq mənim yerimə qərar versin”dirsə bilin ki, terapiya bunun üçün deyil. Əgər psixoloqun sizin həyatınız üzərində hakimlik etməsini və məsuliyyəti öz üzərinə götürməsini istəyirsinizsə bu terapiya deyil. Psixoloq sizin yerinizə qərar verməz, sizin öz qərarınızı verə biləcək daxili gücü tapmağınıza kömək edər.
- Kiməsə nəsə sübut etmək üçün; Əgər terapiyaya “Baxın, mən dəyişirəm” demək üçün gedirsinizsə bu da sağlam başlanğıc deyil. Terapiya nümayiş üçün yox, daxili proses üçündür. Yəni burda başqasına görə yox, özünüzə görə prossesə başlayırsınız.
- Başqasını dəyişdirmək üçün; Əgər məqsədiniz “Psixoloq yoldaşımı düzəltsin” və ya “Valideynimin xüsusiyyətləri dəyişsin”dirsə bilin ki, bu da terapiyanın hədəfi deyil. Terapiyada yeqanə və əsas fokus sizsiniz. Başqalarını dəyişə bilmərik, ancaq sizin başqalarına verdiyiniz reaksiyanı və öz sərhədlərinizi dəyişmək mümkündür.
Psixoterapiyada müraciət edən şəxsin "dərdi"
şikayətləridirsə o insanla tez bir zamanda müsbət nəticələr əldə edilir. Yox əgər
insanın dərdi ətrafındakıları cəzalandırmaq, öz vəziyyətindən mənfəət əldə etmək
kimi başqa məsələrdirsə, adətən, o insan psixoterapiyadan effekt əldə edə
bilmir.